South Caucasus Network of Human Rights Defenders


Saytda axtarış
İrəli
AZƏRBAYCAN HÖKUMƏTİ ÖLKƏDƏ SÖZ AZADLIĞINI MƏHDUDLAŞDIRILACAQ NÖVBƏTİ ADDIMI ATMAĞA HAZIRLAŞIR
[15.02.2010]
Azərbaycan hakimiyyəti Kütləvi İnformasiya Vasitələrinin (KİV) fəaliyyətini məhdudlaşdırmaq üçün 4 qanuna əlavə və dəyişiklik etməyi nəzərdə tutub. Azərbaycan parlamentinin deputatı Pənah Hüseynin sözlərinə görə, “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “İnformasiya əldə etmək haqqında” qanunlara əlavə və dəyişikliklər edilməsi üçün Prezident Administrasiyasından Milli Məclisə təklif gəlib.
 
Onun sözlərinə görə, parlamentin Dövlət quruculuğu, Hüquq siyasəti və İnsan haqları daimi komitələrinin iclasında həmin əlavə və dəyişikliklər müzakirə də edilib. Bu məsələ Milli Məclisin 12 fevralda keçiriləcək iclasının gündəliyinə daxil olunub.

““KİV haqqında” qanunun 60-cı maddəsinə təklif edilən əlavə bundan ibarətdir: “əməliyyat-axtarış halları istisna olmaqla digər hallarda şəxsin onun xəbəri olmadan və etirazına baxmayaraq, KİV nümayəndələri tərəfindən izlənilməsi, video və foto çəkilişinin, səs yazısının aparılması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur”. Bu əlavə ”İnformasiya əldə etmək haqqında" Qanunun da 6-cı maddəsinə, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunun 21-ci maddəsinə, həmçinin “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanuna da əlavə edilir” – deyə qeyd edən P.Hüseyn qanunlara edilməsi nəzərdə tutulan bu antidemokratik dəyişikliklərin həm Azərbaycan Konstitusiyasına, həm də Avropa Konvensiyasına zidd olduğunu da qeyd etdi. “Yəqin ki, hakimiyyət bu əlavəni konstitusiyaya ötən il edilmiş məlum düzəlişlə əsaslandırmağa çalışacaq. Lakin bu, Avropa əsas insan hüquq və azadlıqlarının predmeti olan bir məsələdir” – deyə P.Hüseyn əlavə etdi.
 
Media Hüququ İnstitutu (MHİ), Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ), habelə Söz Azadlığı Müdafiə Komitəsi (SAMK) yuxarıda qeyd edilən qanunlara təklif olunan əlavə və dəyişikliklərə etiraz edən bəyanat yayıb. Bəyanatlarda qanunlara əlavə və dəyişikliklər barədə yayılan məlumatlardan narahatlıq ifadə olunub və belə dəyişikliklərin qəbul edilməsinin jurnalistlərin məlumat toplamaq və yaymaq azadlığına ağır zərbə vuracağını bildirirlər. Bəyanat müəllifləri onu da bildirirlər ki, təklif olunan əlavə və dəyişikliklər Azərbaycan Respublikası Konstitusiyanın 47-ci və 50-ci maddələri ilə yanaşı Avropa İnsan Haqları Kon¬vensiyasının 10-cu maddəsinə ziddir və Azərbaycan hökumətini bu antidemokratik addımdan çəkinməyə çağırırlar.

Xatırladaq ki, 18 mart 2009-cu ildə keçirilmiş referendumda Konstitusiyanın 32-ci (Şəxsi toxunulmazlıq hüququ)  maddəsinə “Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz” əlavəsi edilmişdi.


Təqvim

Arxiv

Aprel 2024
B.e Ç.a Ç C.a C Ş В
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30      

Sorğu

Copyright © 2009 - 2024 | All Rights Reserved